Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əkbər Mustafayevin baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda bıçaq və elektroşok cihazının təsvirləri görünüb. Lent.az-ın DGK-nın saytına istinadən məlumatına görə, həmin baqaja təkrar baxış zamanı Ə. Mustafayeva məxsus idman çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış 1 ədəd bıçaq və qutuya qablaşdırılmış 1 ədəd elektroşok cihazı aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən bıçaq bir tərəfi kəsici və ucu deşici xassəyə malik süngü-bıçaq formasında hazırlanmış soyuq silahdır.
Faktla bağlı təhqiqat aparılır.