Dünən Qazax rayonunda Ermənistanla təmas xəttində minaya düşmüş şəxslərdən birindən hələ də xəbər yoxdur. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1978-ci il təvəllüdlü Əli Əliyevin taleyi ilə bağlı məlumat almaq mümkün olmayıb. Hadisə zamanı xəsarət alan Quşçu Ayrım kənd sakini Vəzir Vəliyev və ərazidə olmuş digər şəxs Xəqani Məmmədovun bildirdiyinə görə, Ə. Əliyev minanı tapdalayıb və hadisə zamanı ən ciddi xəsarət alan da o olub. Ə. Əliyevin partlayış nəticəsində ölməsi və meyitin minalanmış ərazidə qalması güman edilir.
*****
6 oktyabr
14:47
Bu gün səhər saatlarında Qazaxda bir nəfər mülki şəxs minaya düşüb, daha bir nəfərdən isə heç bir xəbər yoxdur.
Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 1978-ci il təvəllüdlü Vəzir Vəliyev Aşağı Əskipara kəndi istiqamətində minaya düşərək, bel nahiyəsindən qəlpə yarası alıb.
Yaralı dərhal Qazax Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Neytral ərazidə olan digər şəxs isə Qazaxın Alpoud kənd sakini, 1983-cü il təvəllüdlü Xəqani Məmmədov isə xəsarət almayıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Hadisə yerində olmuş Qazax rayon sakini, 1978-ci il təvəllüdlü Əli Əliyevdən isə heç bir xəbər yoxdur. Məlumata görə o, minalanmış neytral ərazidə qalıb.
Hadisə bu gün saat 4.00 radələrində baş verib. Polis bu şəxslərin düşmənlə təmas xəttinə getmələrinin səbəbini araşdırır.