Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev ikinci Fəxri Xiyabanda dəfn edilib.
APA-nın məlumatına görə, Milli Qəhrəmanla vida mərasimi Hərbi Nizamnamənin tələblərinə uyğun şəkildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib.
Dəfn mərasimində müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, həmçinin Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri, mərhumun döyüş yoldaşları iştirak ediblər.
E. Ağayev ötən gecə ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Eldar Ağayev 1955-ci il sentyabr ayının 29-da Gürcüstanın Tiflis şəhərində hərbçi ailəsində dünyaya gəlib. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olub, 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayıb. E. Ağayev 1984-86-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olub. Daha sonra tank alayının rəisi və Drezden kəşfiyyat taboruna komandir təyin edilib. O, 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində alay komandiri kimi xidmət edib. E. Ağayevin taboru 1995-ci il dövlət çevrilişinin qarşısının alınmasında iştirak edib.
E. Ağayev Sovet Ordusunda "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri, Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.