Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Knyazlı Knyaz Böyükağa oğlu və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Məhərrəmov Yusif Kamil oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda hadisənin şahidləri dindirilib. Şahidlər Ceyhun Maqsudovun Knyaz Knyazlı tərəfindən bıçaqlandığını deyiblər. Proses oktyabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il avqustun 30-da metronun “Xətai” stansiyası yaxınlığında baş verib. Hadisə zamanı Ceyhun Maqsudova bıçaqla xəsarət yetirilib. Faktla Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanıb. C.Maqsudov isə bıçaqlandıqdan 3 gün sonra xəstəxanada dünyasını dəyişib.
Ötən il noyabr ayının 6-da Baş Cinayət Axtarış İdarəsi, Sabunçu və Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən və axtarışda olan K. Knyazlı saxlanılıb.
Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən K. Knyazlı ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, C.Maqsudova xəsarət yetirmədiyini, bu cinayətdə iştirak etmədiyini bildirib. Saxlanılan Yusif Məhərrəmov isə məlum olayda iştirakını törətdiyini etiraf edib.
Onu da qeyd edək ki, Knyaz Knyazlı əvvəllər də məhkumluq yaşayıb.