Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.
APA-nın məlumatına görə, bu barədə G. Əhmədovanın vəkili Adəm Məmmədov bildirib.
Məhkəmənin bu günün ikinci yarısında qərarı elan edəcəyi gözlənilsə də, vəkilə iclasın iyulun 12-nə təxirə salındığı deyilib.
12:21
Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədova ölkə hüdudlarından kənara çıxmasına qoyulan məhdudiyyətin götürülməsi ilə birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Adəm Məmmədov vəsatətlə çıxış edib. O, G.Əhmədovanın bir neçə dəfə cərrahiyyə əməliyyatı olunduğunu bildirib: "Hüquqlarını müdafiə etdiyim şəxs Gülər xanım kəskin beyin qan dövranın pozulması, qan xəstəliyi və s. xəstəliklərdən əziyyət çəkir. O, 8 ay müddətinə ölkədən çıxıb Almaniyada əməliyyat olunmalıdır".
G.Əhmədova talassemiya daşıyıcısının olduğunu deyib: "İlk dəfə 24 yaşımda əməliyyat olunmuşam. Həmin vaxt talassemiya daşıyıcısı olduğum bilindi. Bundan sonra heç vaxt Azərbaycanda cərrahiyyə olunmuram. Deputat olduğum dövrlərdə də mütəmadi olaraq xaricə müalicə üçün gedirdim". Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə saat 15:00-a qədər müşavirəyə yollanıb.
Qeyd edək ki, G.Əhmədova cərrahiyə əməliyyatı keçirməsi üçün ölkə hüdudlarından kənara çıxmasına qoyulmuş məhdudiyyətin götürülməsi barədə məhkəməyə müraciət edib. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi ərizəni təmin etməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.
Xatırladaq ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) 307.2-ci (cinayət barəsində xəbər verməmə ) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.