Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus Süleymanov Elnur Yusif oğlunun fiziki işgəncələrə məruz qoyulmaqla ağır vəziyyətə salınması barədə məlumat yayıb.
Məlumatda qeyd olunub ki, HAMİ-nin müraciətindən sonra Baş Prokurorluq tərəfindən ötən ilin 16 dekabrında 17 saylı cəzaçəkmə müəssisəndə ölmüş məhbus Pərviz Mikayılov barədə araşdırmaya başlanılıb.
Xəbərə görə, cəzaçəkmə müəssisəsində saxlanan məhbuslar ölüm faktı ilə əlaqədar dindirilib: “ Lakin onlara hədə-qorxu gəlinərək, Pərviz Mikayılovun intihar etdiyi və heç bir işgəncəyə məruz qoyulmadığını yazmağa məcbur ediblər. Məhbuslardan biri – Süleymanov Elnur Yusif oğlu hədələrə baxmayaraq, Pərviz Mikayılovun işgəncə verməklə öldürüldüyünü bildirib. Bundan sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi E. Süleymanovu ağır fiziki işgəncələrə məruz qoyaraq, ölümcül hala salıblar. Bundan başqa, Süleymanov barədə bir neçə maddə ilə yenidən cinayət işi qaldırılıb. Məhbusu 17 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına aparıblar”.
HAMİ qeyd edib ki, faktla bağlı prokurorluğa müraciət etməyə hazırlaşır. Qurum eyni zamanda bu sahədə fəaliyyət göstərən QHT-ləri də qınayıb: “Bütün hüquq müdafiəçilərini açıqlanan fakta ciddi yanaşmağa və real müdafiə təşkil etməyə səsləyirik”.