Məhbus azərbaycanlılar başqa həbsxanaya köçürülüb
25 iyul 2013 04:12 (UTC +04:00)

Məhbus azərbaycanlılar başqa həbsxanaya köçürülüb

Təbriz şəhərinin mərkəzi həbsxanasında iyulun 13-dən aclıq aksiyasına başlamış tanınmış azərbaycanlı fəallar Kərəc şəhərinin Rəcayişəhr zindanına köçürülüblər. APA-nın məlumatına görə, Yeni GAMOH Mərkəzi Komitəsinin üzvlərinin vəkilləri Cəfər Əfşarniya və Eldar Quluzadə üç günlük axtarışlardan sonra onları Tehranın Evin həbsxanasında olduqlarını öyrəniblər və iyulun 23-də öz müvəkkilləri ilə görüşüblər. Vəkillər azərbaycanlı fəalların aclıq aksiyasını hələ davam etdirdiklərini və öz fikirlərindən dönmədiklərini bildiriblər. Onlar həmçinin Behbud Quluzadənin böyrək ağrısından əziyyət çəkdiyini, Lətif Həsənidə halsızlıq hiss edildiyini, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli və Şəhram Radmehrin vəziyyətlərinin nisbətən yaxşı olduqlarını söyləyiblər. Hazırda azərbaycanlı fəallar Rəcayişəhr həbsxanasının karantin bölümündə saxlanılırlar və onların üç gün sonra hansı bəndə köçürüləcəkləri məlum olacaq.

 

Bundan başqa, Təbriz, Mərənd və digər şəhərlərdə aclıq aksiyası keçirən azərbaycanlı fəalların azadlığa buraxılması üçün bildirişlər yayılıb, divarlara şüarlar yazılıb, eyni zamanda imzatoplama kampaniyası başlanıb.

 

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək 12 gündür aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 857
avatar

Oxşar yazılar