Milli Təhlükəsizlik Nazirliyi 15 kiloqram narkotik vasitə aşkarlayıb
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilib, onlardan ümumilikdə 15 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Lent.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Qasımov İlqar Mirməhərrəm oğlu saxlanılıb.
Müəyyən edilib ki, İlqar Qasımov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan Hafiz adlı İran vətəndaşı və qeyriləri qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə 1 kiloqram 707,61 qram qurudulmuş marixuananı İran istiqamətindən qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətiriblər. Milli Təhlükəsizlik Nazirliyinin digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşı Əliməmmədov Nazim Süleyman oğlu saxlanılıb, ondan 6,60 qram heroin, 4,82 qram tiryək, 82,16 qram həşiş qətranı və 23,30 qram qurudulmuş marixuana götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları Salmanova Telbəin Zülfüqar qızı və Kalov Samir Kamandar oğlu saxlanılıblar. Müəyyən edilib ki, Telbəin Salmanova və Samir Kalov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan Salamat adlı İran vətəndaşı və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə 627,96 qram heroini İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları Cəlilov Rauf Şahbaba oğlu, Fəttayev Samir Akir oğlu və Seyfullayev Cəlal Sənhan oğlu saxlanılıb. Müəyyən edilib ki, adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan Xurşud və Babək adlı İran vətəndaşları cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə 1 kiloqram 971,79 qram həşiş qətranını və 0,98 qram tiryəki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər. Aprelin 28-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Abbasov Təyyar Yusif oğlu, Musazadə Pərviz Çingiz oğlu və Abbasov Elxan Voroşil oğlu saxlanılıb. Elxan Abbasova məxsus “AzSamand” markalı avtomobilə keçirilmiş baxış zamanı oradan 9 kiloqram 327,91 qram qurudulmuş marixuana və 581,51 qram heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, Təyyar Abbasov, Pərviz Musazadə və Elxan Abbasov, hazırda şəxsiyyəti istintaqla araşdırılan Təvəkkül adlı İran vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitələri satış məqsədi ilə İrandan Azərbaycana qaçaq yolla gətiriblər.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü, Astara rayonunun Şahağacı kənd sakini Cəfərov Coşqun Mais oğlu Moskva şəhərinin Şeremetyevo hava limanında saxlanılıb. Coşqun Cəfərovun üzərindən 477 qram heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, Coşqun Cəfərov İranda əldə etdiyi həmin narkotik vasitəni 109 ədəd xüsusi bükülü halında udaraq, onları mədəsində Tehran-Moskva aviareysi üzrə təyyarə ilə Rusiya Federasiyasına gətirib.
Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam edir.