İyulun 30-dan həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 1 saylı Kürdəxanı istintaq təcridxanasından "Turan" agentliyinin direktoru Mehman Əliyevə zəng edib.
"Turan"ın xəbərinə görə, L. Yunus saxlanma şəraiti haqda məlumat verib, ona təcridxanada təzyiq edildiyini bildirib.
L. Yunusun dediyinə görə, həyat yoldaşı Arif Yunusun həbsindən sonra o, heç bir sovqat almayıb. Hazırda MTN-in təcridxanasında saxlanılan həyat yoldaşının vəziyyəti barədə də məlumatı yoxdur. O, səhhətinin pisləşdiyini də qeyd edib.
Xatırladaq ki, L.Yunus və həyat yoldaşı A.Yunus dövlətə xəyanət, vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham olunurlar.