ANAMA-nın əməliyyat üzrə meneceri Böyükağa Haqverdiyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, axtarışların aparıldığı ərazidə keçmiş SSRİ dövründə tank alayı yerləşib.
1990-cı illərin əvvəllərində hərbçilər Lənkəranı tərk edərkən alaya məxsus xeyli sayda silah-sursat ataraq gediblər.
Xəzər dənizində suyun səviyyəsi qalxdıqdan sonra hərbi hissənin yerləşdiyi ərazinin bir çox hissəsi, o cümlədən 2 hərbi sursat anbarı suyun altında qalıb. Ona görə də ANAMA-nın əməliyyatçıları axtarışları təkcə quruda deyil, həm də dənizdə aparırlar.
B. Haqverdiyev bildirib ki, indiyədək ANAMA tərəfindən cənub bölgəsində 140 ədəd tank əleyhinə mina və 8 min ədəddən çox müxtəlif çaplı hərbi sursat tapılaraq zərərsizləşdirilib.
ANAMA əməkdaşının sözlərinə görə, dənizkənarı ərazidə hələ də ləpələrin sahilə çıxardığı minalara rast gəlinir. Bununla əlaqədar həmin sahilyanı ərazilər təhlükəsizlik məqsədilə çəpərlənib.
İyulun 30-da isə daha 6 ədəd tank əleyhinə mina xüsusi təlimata uyğun partladılmaqla zərərsizləşdirilib. Silahların zərərsizləşdirilmə prosesini media nümayəndələri ilə yanaşı, ANAMA, Sərhəd Qoşunları, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları da izləyiblər.
B. Haqverdiyevin sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin cənub bölgəsində bundan sonra daha 300 hektarlıq ərazinin silah-sursatdan təmizlənməsi prosesi həyata keçirilməlidir.