Kürdəmir rayon sakinini ilan sancıb. Kürdəmir Mərkəzi rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə Köhünlü kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Mahir Gülağa oğlu həyətyanı sahədə ot biçərkən onu gürzə olduğu təxmin edilən ilan vurub. Otlaq sahəsində yatan ilan qəfildən onun ayaq nahiyəsini sancıb. M. Əliyevin vəziyyəti tədricən pisləşib və yaxınları tərəfindən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada Mahir Əliyevə müvafiq tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub və onun həyatı üçün yaranmış təhlükə sovuşub. Hazırda həkimlərin nəzarəti altında olan Mahir Əliyevin vəziyyətinin stabil olduğu bildirilir.
Xəstəxanadan verilən məlumata görə, bu, rayonda cari ildə baş verən 3-cü ilan sancması hadisəsidir.