Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Nərimanov rayonunda yerləşən qərargahına basqın edilib.
Bu barədə APA-ya KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib.
Onun sözlərinə görə, hadisə gecə saatlarında baş verib. X.Teyyublu bildirib ki, basqın nəticəsində partiyanın adı yazılmış lövhə sındırılıb və qərargahın önündə olan bayraq götürülüb: “Biz bunu hücum kimi qiymətləndiririk. Azərbaycanın dövlət bayrağının partiyanın qərargahından sındırılaraq çıxarılması hörmətsizlikdir. Lakin içəri daxil ola bilməyiblər. Biz bunu partiyaya qarşı təxribat kimi qiymətləndiririk”.
X.Teyyublu qeyd edib ki, baş verən hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediləcək: “Ümid edirik ki, partiyaya hücum edən şəxslər cəzasına çatacaq. Binanın qabağında telefon qovşağı yerləşir və ona da çəkiliş kamerası yerləşdirib. Güman edirik ki, həmin kamerada görüntülər var”.