“Gürcüstana səfərimiz fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, Gürcüstanın daxili işlər naziri ilə görüşdə hər iki ölkədə baş verə biləcək təbii və texnogen qəzaların nəticələrinin birgə aradan qaldırılması, müştərək təlimlərin keçirilməsi, iki ölkə ərazisindən keçən neft və qaz boru xətlərinə təhlükə yaranacağı təqdirdə birgə əməkdaşlıq imkanları müzakirə edilib: “Biz Gürcüstan tərəfinə
Azərbaycan FHN-in Akademiyası haqqında məlumat verdik və burda Gürcüstan üçün kadrların hazırlanmasının mümkünlüyünü diqqətə çatdırdıq. Biz müştərək təlimlərin də keçirilməsi ilə bağlı işçi planı hazırlayacağıq. Əminəm ki, əməkdaşlığımız hər iki ölkənin təhlükəsizliyinə və iqtisadi inkişafına təkan verəcək”.
Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu gün Gürcüstana səfəri başlayıb. Fövqəladə hallar naziri Tiflisdə Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar” abidəsini ziyarət edib. Sonra nazir M. F. Axundzadə adına Mədəniyyət Muzeyində və Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binasında olub.
K. Heydərov sabah Batumiyə də səfər edəcək.