Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 44 yaşlı Bəxtiyar Şəmsi saxlanılaraq rayon Polis İdarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan idman çantasının içərisindən ümumi çəkisi 2 kiloqram 395 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitənin saxlanılmasında şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş, 49 yaşlı Rasim Hümbətov saxlayaraq Nizami rayon Polis İdarəsinə gətirib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2.8 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Mehman Nəbiyev