İtaliyanın Veneto regionunda yerləşən Trevizo şəhərində “Azərbaycan: araşdırmaq üçün bazar” mövzusunda seminar təşkil edilib. Azərbaycanın İtaliyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə,sözügedən seminar AR İtaliyadakı Səfirliyi, Veneto regionunun işgüzar dairələrinin beynəlxalq əlaqələrinin təşviqi məsələlərindən məsul olan “Veneto Promotsione” təşkilatı və Trevizonun Ticarət və Sənaye Palatası tərəfindən birlikdə təşkil edilib. İtaliyanın iqtisadi qüdrətinə görə başlıca bölgələrindən biri olan Veneto regionunun işgüzar dairələri üçün nəzərdə tutulmuş seminarda bölgənin Venetsiya, Verona, Trevizo, Padova və digər mühüm sənaye şəhərlərini təmsil edən 100-dək iş adamı iştirak edib. Tədbirdə iştirak etmiş iş adamları əsas etibarilə inşaat və dizayn, maşınqayırma, yüngül sənaye, yeyinti sənayesi, mebel sənayesi, inşaat materialları, aqrar-sənaye kompleksi və digər sahələri təmsil ediblər.
Seminarı giriş sözləri ilə açan Trevizonun Ticarət və Sənaye Palatasının prezidenti Nikola Tonyana Venetonun iş adamlarının geniş imkanlara malik olan Azərbaycan bazarına dərin maraq göstərdiyini vurğulayıb. Səfir V.Sadıqov seminarda “Azərbaycan iqtisadiyyatına baxış: təmayüllər və perspektivlər” mövzusunda təqdimat ilə çıxış etmişdir. O, təqdimatda Azərbaycanın son illər sosial-iqtisadi inkişaf təmayüllərinə, Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi islahatlara və prioritet inkişaf sahələrinə dair icmal edib.
Daha sonra, İtaliyanın Xarici ticarət institutunun (ICE), İtaliyanın dövlət qurumu olan Xarici ticarətin sığortalanması institutunun (SACE), İtaliyanın şimal-qərb regionları sahibkarlarına maliyyə dəstəyi təşkilatının (FİNEST) və İtaliyanın beynəlxalq daşıyıcılar qrupunun (TUVİA) Azərbaycan ilə bağlı müxtəlif mövzularda məruzələri dinlənib.
Qeyd edilən seminarın nəticəsi olaraq, “Veneto Promotsione” təşkilatının rəhbərliyi altında Veneto regionunun iş adamlarından ibarət nümayəndə heyətinin yaxın müddətdə Azərbaycana səfərinin təşkil edilməsinə dair razılıq əldə edilib.