Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Xaçmaz rayon sakini Anar Mahmudov və 1980-cı il təvəllüdlü Şamaxı rayon sakini Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın trend-ə istinadən məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.Təqsirləndirilən şəxs qismində dindirilən A.Mahmudov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 2009-cu ildən etibarən İslam dininin sünni təriqətinin sələfi qoluna etiqad etdiyini, internet vasitəsilə Suriyada gedən proseslər barədə məlumatlandığını bildirib.
A.Mahmudov 2013-cü ilin fevral ayında avtobusla Gürcüstana, oradansa Türkiyəyə gedib. Türkiyədə Xalid adlı şəxslə əlaqə saxlayıb, sonuncu onu qaçaq yolla Suriyaya keçirib. Orada onu dini ləqəbi “Abu Hafs” olan İntiqam Əliyev qarşılayıb: “Dəstədə 10-12 nəfər var idi. 5 aya kimi orada qaldım. Posta çıxırdıq. Qanlı döyüşlərdə iştirak etməmişəm. Bizə orada heç bir təlim keçməyiblər. Hərbi növbələrin birində qarşı tərəfin hücumu nəticəsində ayağımdan yaralandım, 4 gün xəstəxanada yatdım, əməliyyat olundum. Orada gedən proseslərdən qorxduğum üçün Azərbaycana qayıtmaq istəyirdim”.
A.Mahmudovun ifadəsinə görə, Suriyaya getməyə görə ona kimsə pul verməyib. Oraya getməkdə əsas məqsədi əqidəsi ilə bağlı olub: “Çoxlu azərbaycanlılar vardı, adlarını xatırlamıram. Elvini bir neçə gün ərzində görmüşəm. Onun döyüşlərə, təlimlərə getdiyini görməmişəm. Elvin təxminən 10 gün sonra ailəsini gətirəcəyini deyərək Azərbaycana qayıtdı. Mən nə Azərbaycanda, nə də Suriyada heç bir cinayət törətməmişəm, heç bir məhkumluğum olmayıb. İnsan səhv etdiyini sonra anlayır, əməlimdən peşmanam. Amma sabah Qarabağda müharibə başlayarsa, ora getməyə hazıram”.
Təqsirləndirilən E.Əsgərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Suriyaya getdiyini etiraf etsə də, “Cəbhət ən-Nüsra” qruplaşmasının tərkibində olmadığını bildirib: “Mən "Abu Hafs”ın rəhbərlik etdiyi dəstəyə qoşuldum. Oraya sanki bir axın vardı. Suriyada cəmi bir həftə olmuşam, heç bir döyüşdə iştirak etməmişəm, təlimlərə getməmişəm”.
E.Əsgərov bildirib ki, Suriyada olduğu müddətdə “Abu Hafs”a biət etməyib: ”Suriyaya döyüşmək üçün gələnlər də vardı, hicrət edənlər, yaşamaq üçün gələnlər də. Ailə üzvlərimə, qardaşıma işləməyə getdiyimi demişdim. Onlar Suriyaya gedəcəyimi bilmirdilər. Ailəmi, azyaşlı uşaqlarımı Allah ümidinə qoyub getdim. Həlak olsaydım “əlhəmdülillah” deyib öləcəkdim, bu niyyətlə getmişdim. Orada bir-birlərinə qarşı döyüşdüklərini gördüm, geri dönmək istədim".
İttihama görə, A.Mahmudov və E.Əsgərov terror təşkilatı kimi tanınan “Cəbhət ən-Nüsra” adlı cinayət birliyinin tərkibinə daxil olan “Cundul Xəlifə”nin fəaliyyətində dini düşmənçilik zəminində hökumət əleyhinə döyüşlərdə iştirak ediblər. Həm Azərbaycan, həm də Suriya qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum edilməyiblər.
Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.