Bakı Apellyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun apellyasiya şikayəti əsasında ilkin məhkəmə baxışı keçirilib.
APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının istintaqsız aparılmasına qərar verilib. Prosesin baxış iclası isə oktyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1. 500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.
İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib.