Mayın 23-də İraqın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin kütləvi məzarlıqlar-şəhidlərin milli gününə həsr olunmuş tədbir keçirilib. APA – nın xəbərinə görə, İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak çıxış edərək İraq xalqına qarşı törədilmiş cinayətlərdən danışıb. O bildirib ki, bu gün yeni, demokratik İraqın təsis olunmasında şəhidlərin, verilmiş qurbanların canları, qanları çox böyük rol oynayıb. İraq xalqına qarşı törədilmiş qeyri-insani cinayətləri və çox ciddi qanun pozuntularını açıq-aydın soyqırımı kimi qiymətləndirmək olar.
Qeyd olunub ki, 2003-cü ildə İraqda diktator rejiminin süqutundan, 2004-cü ildə İnsan Hüquqları Nazirliyinin təsis olunmasından sonra bir çox kütləvi məzarlıqlar cinayətlərinin üstü açılaraq onların arxivləşdirilməsi və sənədləşdirilməsi işləri aparılıb. 2006-cı ildə qəbul olunmuş kütləvi məzarlıqların qorunmasına dair qanuna əsasən, İnsan Hüquqları Nazirliyi İraqda elmi tədqiqatlar aparıb və bir sıra nailiyyətlər əldə edib.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan xalqı və prezident İlham Əliyevin adından İraq xalqına dərin hüznlə başsağlığı verib.
Əli Abbasov kütləvi məzarlıqlar gününü İraq xalqının yaddaşında əbədi həkk olunmuş bir tarix kimi dəyərləndirib. O qeyd ki, onlar öz həyatlarını İraqın gələcək nəsillərinin xoşbəxtliyi naminə qurban verib.
İki xalq arasında mövcud tarixi əlaqələrdən danışan nazir biıldirib ki, Azərbaycan İraqın bugünədək apardığı mübarizəni dəstəkləyir və onun ən ağır günlərində hər zaman yanındadır.
Azərbaycan xalqının həyatında da bənzər hadisələrin baş verdiyini diqqətə çatdıran Əli Abbasov bu səbəbdən İraqda qətlə yetirilmiş insanların xatirəsinin xalqımız üçün əziz olduğunu vurğulayıb.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Sonda İraqda törədilmiş cinayətlərdən bəhs edən film nümayiş olunub.