Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi 2013-cü ilin birinci yarımili ərzində Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərin nəticələrinə dair məlumat yayıb. Lent.az-ın idarənin saytına istinadən verdiyi məlumata görə, 2013-cü ilin 1-ci yarımili ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 152 cinayət faktı qeydə alınıb, onlardan 66-sı insan alveri, 2-si məcburi əmək, 35-i fahişəliyə cəlb etmə, 42-si əxlaqsızlıq yuvaları saxlama, 1-i yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə, 2-si pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, 4-ü isə seksual xarakterli hərəkətlərə məcbur etmə ilə bağlı olub.
İnsan alveri və məcburi əmək cinayətlərinə görə 6 təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib, 4 qabaqcadan əlbir olmuş cinayətkar qrup ifşa olunaraq Azərbaycan-Türkiyə üzrə 5, Azərbaycan-BƏƏ üzrə 1 və Azərbaycan-Rusiya üzrə 1 olmaqla ümumilikdə insan alveri qurbanlarının daşındığı 7 cinayətkar kanal qapadılıb.
2013-cü ilin 6 ayı ərzində müəyyən edilmiş 20 insan alveri qurbanından 14 nəfəri təhlükəsiz Sığınacağa yerləşdirilib, onların müdafiəsi və zəruri yardımların göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib.
Sığınacağa yerləşdirilmiş qurbanların hamısına tibbi, psixoloji yardımlar göstərilmiş, zəruri geyimlə təmin ediliblər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 16 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 7 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib. Qurbanlardan 7-si işlə təmin edilib, 7-si isə peşə kursuna göndərilib.
Təhlil göstərir ki, insan alveri qurbanları cinsi istismar məqsədilə aldadılaraq xarici ölkələrə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə (7), Türkiyə Respublikasına (9) və Rusiya Federasiyasına (2) aparılıb, ölkə daxilində isə 2 qurban (özbək) müəyyən edilib. Cinsi istismara məruz qalmış qurbanların hamısı qadın və işləməyən, 16-sı orta təhsilli və 4-ü natamam orta təhsilli olub. Qurbanlardan 9-u 18-25, 8-i 25-35, 3-ü isə 35-dən yuxarı yaş hədlərində olub.
5 nəfər insan alveri qurbanının ailəsi ilə söhbətlər aparılıb, onların ailələrinə qayıdışına köməklik göstərilib. 1 nəfər qurban müalicə olunmaq üçün İnsan alveri qurbanlarına Yardım Mərkəzinin vasitəsilə Göygöl rayonunda sanatoriyada yerləşdirilib. Azərbaycan Uşaqlar Birliyinin layihəsi çərçivəsində 3 qurbanın övladları (4 uşaq) məktəbdənkənar təhsil və məntiqi təfəkkür proqramına cəlb edilib, 1 qurbanın övladları (2 uşaq) isə səhiyyə, peşə proqramlarına istiqamətləndirilib.
Cari ilin 6 ayı ərzində 13-ü insan alveri, 2-si məcburi əmək, digər 15-i isə CM-nin 242, 243, 244-cü maddələri üzrə 30 təqsirləndirilən şəxs axtarışda olub, Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 12 təqsirləndirilən şəxs tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib, tutulma nisbəti 40% təşkil edib. Hazırda axtarışda olan 18 təqsirləndirilən şəxsdən (12-si insan alveri, 1-i məcburi əmək üzrə) 17-si İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunub.
Qaynar xətt xidmətinə 2013-ci ilin 1-ci yarımili ərzində müxtəlif məsələlərlə bağlı 7583 məlumat daxil olub, onlardan 6-sı insan alverindən zərər çəkmiş və ehtimal olunan şəxslər barədə, 252-si xaricdə işə düzəlmə ilə bağlı, 191-i xaricdə təhsil alma, 193-ü xarici vətəndaşla nikah bağlama, 6941 məlumat isə digər məsələlərlə əlaqədar olmuş, zəng etmiş abonentlərə müvafiq məsləhətlər verilib.