Tanınmış jurnalist İmdad Əlizadənin atasını yol nəqliyyat hadisə zamanı ölməsinə səbəb olmaqda təqsirli bilinən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə 3 vəsatətlə çıxış edib.
Jurnalist təqsirləndirilən S.Qarayevin barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.
Digər vəsatətdə isə o qeyd edib ki, hadisə baş verən zamanı S.Qarayevin ya narkotik maddənin təsiri altında, ya sərxoş vəziyyətdə olduğu, yaxud telefonla danışdığı ehtimalı var: "İndiki halıda təqsirləndirilən şəxsin həmin vaxt narkotik maddələrin təsiri altında olub-olmadığını, yaxud spirtli içki qəbul edib-etmədiyini müəyyənləşdirmək mümkün deyil. Ona görə də məhkəmədən xahiş edirəm ki, qəzanın baş verdiyi ərazinin 2016-cı ilin fevral ayının 14-ü səhər saatlarına olan lokasiyasının çıxarılması üçün mobil operatorlara sorğu göndərilsin. Əgər ərazinin lokasiyası əldə olunsa, Seymur Qarayevin qəza baş verən zaman telefonla danışıb-danışmadığını müəyyənləşdirmək mümkün olar. Biz bilmək istəyirik ki, hadisə baş verən zaman Seymur Qarayev telefonla danışırdı, ya yox".
İ.Əlizadə 3-cü vəsatətində bildirib ki, təqsirləndirilən S.Qarayev eynək taxır: "O, sürücülük vəsiqəsi alan zaman dövlət orqanlarını aldadıb. Məhkəmədən xahiş edirik ki, Seymur Qarayev görmə qabiliyyətinin gecə, havanın qaranlıq olduğu zaman avtomobil sürməsinə imkan verib-vermədiyini bilmək üçün ekpertiza təyin edilsin".
Bu zaman İmdad Əlizadə ilə təqsirləndirilən şəxsin vəkili Mirzəmmət Rəhimov arasında mübahisə yaranıb. Vəkil yerindən İ.Əlizadənin vəsatətlərinə gülərək cavab verib. O, zərərçəkmişin hüquqi varisinin dediklərini "nağıl" adlandırıb.
İmdad Əlizadə isə vəkili müdafiə işini qanunlar və etik qaydalar çərçivəsində aparmağa dəvət edib.
Prokuror son vəsatətin təmin olunmamısını, həbs qətimkanla bağlı hissədə isə vəsatətin məhkəmənin mülahizəsinə buraxıldığını dilə gətirib.
Hakim qısa müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini bildirib.
Söz yenidən məhkəmədə İmdad Əlizadəyə verilib. Hüquqi varis ifadə verib. Jurnalist ifadəsində atasının avtomobillə vurulması hadisəsindən necə xəbər tutduqlarını, atası Ə.Əliyevin 4 xəstəxanada - 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”), Mərkəzi Klinik Xəstəxana, “Avrasiya” Hospital, Bakı Sağlamlıq Mərkəzində ümumilikdə 504 gün koma vəziyyətində müalicə olunduğunu, xəstəxana xərclərini ödəmək sahəsində üzləşdikləri çətinliklərdən danışıb. O qeyd edib ki, məcburi köçkün ailəsi olduqlarına görə özəl xəstəxanaların xərclərini yalnız xeyirxah insanların, dostların, yaxınların köməyi ilə ödəyə biliblər.
İ.Əlizadə bildirib ki, müalicəyə kömək məqsədi ilə 2 dəfə atasının "54 gün erməni mühasirəsində" kitabının satış aksiyasını keçiriblər.
İ.Əlizadə qeyd edib ki, yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən S.Qarayev onu aldadıb, xəstəxanalara xərclənmiş 166 min 531 manatın yalnız 4 min manatını ona verib: "Bu şəxs dəfələrlə bizi aldatdı. Pul gətirmədi. Bu gün də dostlar və qohumlar buna görə məni qınayırlar. Onlar bildirirdilər ki, "sən niyə Seymur Qarayevlə yumşaq davranırsan?". Seymur Qarayev də mənim onunla yumşaq davranmağımdan istifadə etdi və indi də edir. Mənim bu günə qədər “Avrasiya” Hospitalına 11 min 270 manat borcum qalıb. Həmin borcların da yaranmasına səbəb Seymur Qarayev oldu. Çünkü mənə hər dəfə deyirdi ki, "pulu gətirirəm, yoldayam". Amma hər dəfə yalançı çıxırdı".
Zərərçəkmişin hüquqi varisi bir daha vurğulayıb ki, təqsirləndirilən şəxsə qarşı 166 min 531 manat mülki iddia qaldırıb və o, xəstəxanalara ödənilmiş məbləğlərin qəbzlərini məhkəməyə təqdim edib.
Təqsirləndirilən şəxsin müdafiəçisi mülki iddianı qəbul etmədiklərini deyib.
Məhkəmə dekabrın 20-də davam edəcək.
Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.
Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb. Tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.