Səhiyyə Nazirliyi: Ucar, Ağdaş və Zaqatalada qeydə alınan son faktlar ana və uşaq ölümü hesab olunmur
Bu ilin 5 ayı ərzində Azərbaycanda doğuş zamanı 10 ana ölümü faktı qeydə alınıb.
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva bildirib ki, bu hadisələrin 4-ü Bakıda, digərləri isə Astara, Saatlı, Beyləqan, Ağdam, Şamaxı, Göygöl rayonlarında qeydə alınıb. Onun sözlərinə görə, bu hadisələrin hər biri zamanı ana bətnində olan körpələr də ölüb.
Ötən il isə Azərbaycanda doğuş zamanı 26 ana ölümü faktı aşkarlanıb. L. Seyidəliyeva APA-ya bildirib ki, bu ilin 5 ayı ərzində doğuş zamanı baş verən ana ölümü faktlarına görə 2 şöbə müdiri və bəzi rayonların baş mama-ginekoloqu işdən azad edilib.
Son illər ərzində Azərbaycanda ana və uşaq ölümü hallarına daha çox rast gəlməsi faktına münasibət bildirən L.Seyidəliyeva deyib ki, əslində ana və uşaq ölümündə artım yoxdur: “2005-ci ildən sonra Azərbaycanda müşahidə edilən göstəriciləri müqayisə etdikdə bu rəqəmlər azalır. Belə ki, əgər 2006-cı ildə ana və uşaq ölümü 34,2 promilli idisə, 2012-ci ildə bu rəqəm 14,9 promilli olub. Ötən il hər 100 min diri doğulan uşağa ana ölümü əmsalı 14,9 promilli, 1 yaşına qədər hər 1000 diridoğulan uşağa uşaq ölümü əmsalı 10,18 promilli, 1-5 yaş arası uşaqlarda isə 2 promilli təşkil edib. Bu ölüm hallarının baş verməsi həkim səhlənkarlığından daha çox qadınların öz xəstəliklərini gizlətmələri səbəbindən olur. Bəzi qadınlar ailə həyatı quranda onlarda vərəm, şəkərli diabet və digər xəstəliklərlə bağlı problemlərin olduğunu gizlədirlər. Lakin hamiləlik dövründə onun gizlətdiyi patologiya üzə çıxır. Bunun qarşısı vaxtında alınmadıqda isə ağır nəticələrə səbəb olur”.
Səhiyyə Nazirliyi bu il baş verən və böyük ajiotaja səbəb olan son üç ana və uşaq ölümü faktının səbəblərini də açıqlayıb. L. Seyidəliyevanın sözlərinə görə, bu il Ucar, Ağdaş və Zaqatalada qeydə alınan faktlar Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılıb və yekun rəy verilib: “Həmin rayonlarda qeydə alınan hadisələrdə analar öncədən xəstə olduqları üçün onların ölüm faktları analıq və hamiləlik patologiyasına aid edilməyib. Ona görə də bu hadisələr Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktları hesab olunmur”.
Ucarda baş verən ölüm faktının araşdırılması zamanı hadisə yerində olduğunu deyən L. Seyidəliyeva qeyd edib ki, həmin qadının ağciyərlərində mühüm problemlər olub: “Sonradan meyit yarılan zaman qadının ağciyərlərində ikitərəfli irinli bronxo-pnevmoniya aşkarlanıb. Həmin qadına bu vəziyyətdə hamilə qalmaq əks göstəriş olub. Hamiləlik nəticəsində onun ağciyərlərində problemin artması ananın ölümü ilə nəticələnib.
Ağdaş Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində ana və bətnindəki uşağın ölümünə səbəb isə anada hepatit C xəstəliyinin olmasıdır. Hepatit C isə insanlarda qaraciyər çatışmazlığına səbəb olur, hamiləlik zamanı isə ikiqat ağır nəticələrə gətirib çıxarır: “Hepatit C xəstəliyi vaxtında aşkarlanmadığı üçün hamiləliyin ağırlaşmasına və sonda ölümə səbəb olub. Bu anada əvvəldən xəstəlik olduğu üçün ölüm halı analıq patologiyası nəticəsində qeydə alınmayıb”.
Leyla Seyidəliyevanın sözlərinə görə, Zaqatalada baş verən ana və uşaq ölümü ilə bağlı araşdırma nəticəsində anada xroniki pnevmoniya aşkarlanıb: “Orada xəstə ağrı və yüksək hərarətlə həkimə müraciət edib. Xəstənin vəziyyəti müalicəyə tabe olmadığından onun ixtisaslaşmış klinikaya nəqli qərara alınıb. Lakin köçürülmə zamanı ölüm hadisəsi baş verib. Bu hadisədə həkim səhvi də olub və nəticədə Zaqatala rayonunun baş mama-ginekoloqu tutduğu vəzifədən azad olunub. Komissiyanın rəyinə əsasən, xəstə köçürülməsəydi, onu müayinə etmək üçün yüksək səviyyəli həkimlər çağırılsaydı, nə isə yardım etmək olardı”.