Sabiq millət vəkili külli miqdarda vergidən yayınmada ittiham olunur
Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən sabiq millət vəkili Hüseyn Abdullayevlə bağlı məlumatlar İnterpolun saytında yerləşdirilib.
APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 46 yaşlı H. Abdullayev külli miqdarda vergidən yayınmada ittiham olunur.
Qeyd edək ki, iyunun 26-da APA hüquq-mühafizə orqanlarına istinadən sabiq millət vəkili Hüseyn Abdullayevin dövlətlər arası və beynəlxalq axtarışa verilməsi barədə məlumat yayıb. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda H. Abdullayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, Hüseyn Abdullayev bundan əvvəl 2007-ci ildə həbs olunub. O, parlamentin iclasında millət vəkili Fəzail Ağamalı ilə aralarında baş vermiş insidentin əlbəyaxa dava ilə nəticələnməsindən sonra F. Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Daha sonra məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.