Hərbiyönümlü QHT-lər müraciət yaydı
28 yanvar 2013 12:44 (UTC +04:00)

Hərbiyönümlü QHT-lər müraciət yaydı

“Hər birimiz orduya qarşı həssas mövqe nümayiş etdirməliyik”

 

Azərbaycanda müdafiə və təhlükəsizlik, hərbi vətənpərvərlik, əlil və veteranlarla iş sahəsində fəaliyyət göstərən bir qrup QHT Silahlı Qüvvələrdə baş verən hadisələrlə əlaqədar ölkə ictimaiyyətinə və media nümayəndələrinə müraciət edib.

 

Lent.az-ın verdiyi məlumata görə, müraciətdə qeyd edilir ki, Silahlı Qüvvələrin inkişafı və möhkəmləndirilməsi Azərbaycan Prezidentinin, Ali Baş Komandanın diqqət yetirdiyi ən vacib məsələdir və bu, dövlətimizin təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı yaranan hər hansı problemin dərhal aradan qaldırılmasına ciddi inam yaradır.

 

Müraciətdə vurğulanır ki, ordu cəmiyyətin yığcam bir modelidir, media isə cəmiyyətin güzgüsüdür. Amma Silahlı Qüvvələrin elə xüsusiyyətləri də var ki, onlar orduya xüsusi yanaşmanı zərurətə çevirir: “Media da bu baxımdan istisna sayıla bilməz.

Əvvəla, Silahlı Qüvvələr hər bir dövlətin ərazisinin, müstəqilliyinin, suverenliyinin qorunmasının təminatçısıdır. Bir dövlətin ordusu nə qədər güclüdürsə, dövlət də o qədər güclüdür. Digər tərəfdən, ordu elə bir sahədir ki, orada əsgər əlində silah Vətənin keşiyində dayanır. Ona görə də burada bəzi mənəvi-psixoloji aspektləri nəzərə almaq lazımdır. Buraya Azərbaycanın müharibə vəziyyətində olmasını, torpaqlarının 20 faizinin düşmən tərəfindən işğal edilməsini də əlavə edəndə, orduya yanaşmada son dərəcə həssas və diqqətli olmaq zərurəti ortaya çıxır. Əks halda diqqətsizlik düşmən ölkənin kəşfiyyat orqanlarının köməyi ilə “onların dəyirmanına su tökmə” ilə nəticələnir. Müharibə şəraitində olan ölkənin ordusu ilə bağlı məlumatların yayılmasında həmişə ehtiyatlı olmaq lazımdır. Amma bu o demək deyil ki, ordu tamamilə cəmiyyətdən təcrid olunmalıdır. Bu mümkün deyil. Sadəcə, ordu ilə ailə, cəmiyyət arasındakı münasibətlər düzgün qurulmalıdır. Bu sahədə medianın işi elə qurulmalıdır ki, mülki cəmiyyətin orduya münasibətində və hərbi sahədəkilərin ictimai mühitə yanaşmasında kəskin problemlər ortaya çıxmasın. Bəzən müəyyən mətbu orqanlar və ictimai qurumların əsas işi Azərbaycan ordusu ilə bağlı yanlış informasiyalar yaymaq, orduya qara yaxmaq, kiçik bir faktı, hər hansı hadisəni şişirtməklə ictimaiyyətə yanlış fikir formalaşdırmaq kimi bir təəssürat oyadır. Müharibə şəraitində olan bir ölkənin mətbu orqanlarında gedən orduya yönəlik neqativ yazılar, yayılan çaşdırıcı xəbərlər öz ziyanımıza işləyir. Əslində KİV bu sahədə fəaliyyətini tam fərqli şəkildə qurmalı, ordu ilə cəmiyyət arasında körpü rolunu oynamalı, cəmiyyətə ordu ilə bağlı müsbət informasiya çatdırılmasına çalışmalı, ordunun cəmiyyətdəki nüfuzunun daha da artırılması istiqamətində fəaliyyət göstərməlidir”.

 

Müraciət müəllifləri qeyd edirlər ki, cəbhə xəttində hansısa əsgərin həlak olması və ya bu kimi faktların baş verməsi faciədir, amma müharibə vəziyyətində bundan yaxa qurtarmaq da çox çətindir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitindədir və əsgərlərimiz cəbhə xəttində düşmənlə üz-üzə dayanıb. Hansısa bir əsgərimiz şəhid olursa və ya başqa neqativ hallar baş verirsə, media bundan qərəzli şəkildə faydalanıb dövləti və onun Silahlı Qüvvələrini bütövlükdə hədəfə almamalı, inam və etimad prinsiplərinə söykənərək, bu barədə lazımi ölçü götürüləcəyi rəyini yaratmağa səy göstərməlidir. Bu müraciəti imzalayanlar orduda baş verən bütün faciəvi hadisələri siyasiləşdirməməyə, onu şişirtməməyə, bütün ordunun üzərinə qarayaxma hücumlarına keçməyə son qoymağı tövsiyə edir. Ordu xalqındır, ordu dövlətindir, hər birimizindir. Hər birimiz orduya qarşı həssas mövqe nümayiş etdirməli və bu məsələdə dövlətçilik mövqeyindən çıxış etməli, ordunu müdafiə etməliyik. Ümidvarıq ki, bu gündən sonra belə hadisələrin qarşısı alınacaq. Bütün yuxarıda söylənilənləri əsas götürərək bizlər vətəndaşlarımızı, ölkə ictimaiyyətini diqqətli olmağa, cəmiyyətdə xüsusi rola malik olan media qurumlarını, KİV təmsilçilərini Azərbaycanın dövlət mənafeyini, milli maraqlarını daha ciddi şəkildə nəzərə alaraq fəaliyyət göstərməyə dəvət edirik”.

 

Müraciəti Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda Olan Zabitlər

Konfederasiyası, Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Çernobl Əlilləri İttifaqı, Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi, “Əsgər Anaları” Şurası, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi, “Əsgər Ailəsi” Cəmiyyəti və Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti” imzalayıb.

 

# 820
avatar

Oxşar yazılar