Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti həbs olundu - <span style="color:red;">YENİLƏNİB
04 aprel 2014 16:22 (UTC +04:00)

Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti həbs olundu - YENİLƏNİB

Hərbi Dəniz Qüvvələrinin sabiq qərargah rəisi dələduzluq və rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirək həbs edilib

 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq qərargah rəisi Yunus Məmmədov həbs edilib.

 

Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, Y. Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Y. Məmmədovun həbsi xəbərini APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.   

 

Qeyd edək ki, APA bir neçə gün əvvəl Azərbaycan HDQ-də Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılması barədə məlumat yayıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

 

Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb.

 

Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

 

 

 

*****

 

13:51

 

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi, qurumun keçmiş komandanı Şahin Sultanov istefaya göndərildikdən sonra bu vəzifəni bir müddət icra edən birinci dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov saxlanılıb. Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, HDQ-da baş verən maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində polkovnik ötən gün istintaqa çağırılıb və ona ittiham elan olunub. Bundan sonra onun saxlanması ilə bağlı qərar verilib. 

 

Xatırladaq ki, bir neçə gün əvvəl HDQ-nın komandanı vəzifəsini icra edən, hərbi birləşmənin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov işdən çıxarılaraq, sərəncama göndərilmişdi. HDQ-nın qərargah rəisi vəzifəsinə isə III dərəcəli kapitan Şahin Məmmədov təyin olunub. Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir. 

Qeyd edək ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı, vitse-admiral Şahin Sultanov martın 11-də prezidentin əmri ilə tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev, hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Bu hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2594
avatar

Oxşar yazılar