Ötən gün axşam radələrində Gürcüstanın Ermənistanla həmsərhəd, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ermənistan vətəndaşının idarə etdiyi “Mercedes” markalı taksi avtomobili 1 saylı Sadaxlı kənd orta məktəbinin 4-cü sinif şagirdi, 10 yaşlı Əliyev Əli Məhəmməd oğlunu vurub. Məktəbli hadisə yerində keçinib. Hadisə barədə APA-ya "Sadaxlı Dirçəliş İttifaqı"nın sədri Sabir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, maşın yüksək sürətlə hərəkət edib.
Hadisəni Sadaxlı 1 saylı orta məktəbin direktoru Sayad Xəlilov da təsdiqləyib.
Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev isə hadisə ilə bağlı cinayət işi qaldırıldığını bildirib: " Hadisəni törədən sürücü saxlanılıb. İki-üç gün bundan əvvəl yol departamentinə məktub yazmışdıq ki, kəndin içinə tramplinlər qoyulsun. Cavab almışdıq ki, bu iş yaxın həftədə həyata keçiriləcək".