İyunun 13-də azərbaycanlılar Marneuli rayonunun Təkəli kəndində bir saatlıq etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər kənddə mədəniyyət evinin, illərlə içməli su, tibb məntəqəsi olmamasından, kənddə sosial proqramların həyata keçirilməməyindən şikayətləniblər. Aksiya iştirakçıları qeyd ediblər ki, onları narahat edən problemlərin həlli barədə keçmiş hakimiyyətdən dəfələrlə tələb etsələr də onların tələbinə diqqət verən tapılmayıb. Təkəli sakinləri eyni tələbləri yeni hakimiyyətin qarşısında da qaldırıb. Lakin hələlik təkəlilərin problemləri həll olunmur. Sakinlərin dediyinə görə, onlar 500 ev olan və 2.500 nəfər əhali yaşayan Təkəli kəndindəki həyətyanı sahələrdə qazılan artezian quyularından su içirlər, lakin bu da tibbi nöqteyi-nəzərdən sağlamlığa zidd içməli su kimi müəyyənləşdirilib. Bu da sakinlər arasında böyrək, qaraciyər, boğaz uru xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.
Aksiyada kəndin gəncləri də iştirak edib. Onlar kənddə idman meydançasının, iş yerlərinin olmamağı, idmanın inkişaf etdirilməməsi barədə etirazlarını bildiriblər. Etiraz aksiyasının iştirakçıları qeyd olunan problemlər barədə Marneuli rayon icra hakimiyyətinə və Gürcüstanın yeni hakimiyyətinə müraciət edəcəklərini bildiriblər.