Bu gün Tiflis yaxınlığındakı Soğanlıq (Poniçala) kəndində 23 yaşlı azərbaycanlı gəncin qətli ilə bağlı aksiya keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyaya səbəb kənddə vəhhabi təriqətinə məxsus azərbaycanlının öz dostunu qətlə yetirməsi olub. Qətlə yetirilən Fikrət Əhmədovun yaxınları və kənd sakinləri bu gün keçirdikləri aksiyada radikal vəhhabiliyin yayılmasına etiraz ediblər.
Gürcüstanın müxtəlif yerlərindən gəlmiş müsəlmanlar "Vəhhabizm vandalizm!", "Vəhhabilik İslam deyil!" və digər şüarlar qaldırıblar.
Aksiyada çıxış edən Əhli-Beyt məscidinin axundu Hacı Rahid Kərimov, Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Murquzov və başqaları vəhhabiliyin İslam dininə aidiyyəti olmadığını bildirib, bu təriqətə qoşulanları kəskin şəkildə pisləyiblər.
Çıxışçılar vəhhabi təriqətindən olanların Soğanlıq kəndində qarşıdurma yaratmağa cəhd etdiklərini, onların mövqeyini qəbul etməyən kənd sakinlərinə təzyiq göstərdiklərini bildiriblər. Onlar hüquq-mühafizə orqanlarını vəhhabiliyin qarşısını almağa çağırıblar.
"Biz 2013-cü ildə naməlum şəxslərin kənddə məscid tikintisinə etiraz etdik və üç dəfə Tiflis şəhər meriyası qarşısında etiraz aksiyası keçirdik. Sonra tikinti dayandırıldı. İndi hər cümə günləri bu yarımçıq tikiliyə ayrı-ayrı kəndlərdən müxtəlif insanlar, çeçenlər, ərəblər, naməlum şəxslər gəlir, zirzəmidə namaz qılırlar. Biz buna etiraz edirik", - deyə, Hacı Rahid Kərimov bildirib.
Qətlə yetirilmiş Fikrət Əhmədovun anası Zərəngül Əhmədova isə bildirib ki, kənd sakini Ramin İsayev oğluna iki bıçaq zərbəsi vurub: "O, oğlumdan soruşub ki, niyə "İmedi" kanalına müsahibə verib və vəhhabiləri pisləyib. Amma mən onun müsahibəsinə baxmışam. Oğlum orda qeyri-adi bir şey deməyib, ondan soruşublar ki, vəhhabilər məscidin zirzəmisində nə işlə məşğul olurlar. O da bildirib ki, mən bunu deyə bilmərəm, gedin özlərindən soruşun".
Z. Əhmədova deyib ki, oğlunu qətlə yetirən Ramin İsayev onların uzaq qohumudur və oğlu ilə də əvvəllər normal münasibəti olub: "O, altı ay bundan əvvəl vəhhabilərə qoşulub. Dünən kənd sakini Növrəs Əliyev oğlumun qətli ilə bağlı "Rustavi-2" kanalına müsahibə verib. Vəhhabilərdən ona hədə-qorxu mesajı gəlib. Yazıblar ki, sənin də başını kəsəcəyik".
Qeyd edək ki, ötən il dekabrın 27-də "İmedi" kanalına müsahibə verən Fikrət Əhmədov vəhhabi təriqətinin üzvü olan həmkəndlisi Ramin İsayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.