Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikası vətəndaşının qızıl məmulatı əldə edərək İran İslam Respublikasına aparacağı barədə əməliyyat məlumatı daxil olub. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada gedən Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun üzərindən, xüsusi olaraq hazırlanmış müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin ciblərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd dördbucaqlı formalı, 585 əyarlı, ümumi çəkisi 6 kiloqram 331,20 qram olan külçə qızıl aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.