Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşını ölkədən qaçırmaqda təqsirləndirilən qrup üzlərinin - Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı iştirak etmədiyinə görə proses avqustun 6-na qədər təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirələn şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.