Bu gün Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayonunun işğal günü ilə bağlı tədbir keçirilib. Lent.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, tədbirdə rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonun İcra Hakimiyəti başçısı Alı Alıyev Füzulinin işğalı, işğala qədər cərəyan edən hadisələrdən danışıb. Bildirib ki, o dövrdə Azərbaycandakı xaos, siyasi hakimiyyətsizlik Füzulinin, o cümlədən digər rayonların işğalına səbəb olub.
A.Alıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 735 nəfər şəhid olub, 1240 nəfər əlil olmuş və girov götürülüb. Şəhidlərdən 8 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülüb. İşğal nəticəsində rayonun madii-mədəniyyət abidələri məhv edilib, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəyib: “1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə düşməndən azad edilib. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatından sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunmuş, füzulililər doğma yurdlarına qayıdıblar”.
Alı Alıyev bildirib ki, bu gün hər bir füzulilərin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.
Digər çıxış edənlər də bildiriblər ki, hər bir Füzuli sakini Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır.