Fevralın 26-da Parisdə Fransa Milli Assambleyasının binasında iki azərbaycanlı vəhşicəsinə döyülüb.
APA-nın Avropa müxbirinin məlumatına görə, Fransa Milli Assambleyası Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbir keçirilib.
Tədbirin təşkilatçısı Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar, Fransa parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Fransua Roşebloun olub.
Tədbir barədə məlumat əldə edən Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov konfrans zalına gəliblər. Onlar tədbirin gedişində Xocalı hadisənin bu gün baş verdiyini bildirib, şüarlar səsləndiriblər. Lakin onların şüarları təhdidlə qarşılanıb.
Konfrans zalının qapılarını bağlayan tədbir təşkilatçıları onları vəhşicəsinə döyüblər. Onların döyülməsi çağırışını isə deputat Fransua Roşebloun şəxsən edib.
Hadisə yerinə polis və təcili tibbi yardım gəlib.
Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları da hazırda hadisə yerindədirlər. Onlar APA-ya faktı təsdiqləyərək, azərbaycanlılara ağır xəsarət yetirildiyini bildiriblər: “Onlara ilkin tibbi yardım göstərilir, vəziyyətləri ağırdır, xəstəxanaya aparılacaqlar”.
APA-nın Avropa müxbirinin məlumatına görə, hadisə tədbir başlayanda baş verib. Belə ki, tədbir iştirakçıları Sumqayıtda ölən erməniləri bir dəqiqəlik sükutla yad ediblər. Bu vaxt ayağa qalxmayan azərbaycanlılardan bunun səbəbi soruşulub. M. Fətəliyeva isə “bu gün Azərbaycanda Xocalı soyqırımının ildönümüdü, biz bu qətliamı yad edirik” deyə cavab verib.
Bu söz erməniləri özündən çıxarıb və 40 nəfərə qədər erməni və fransız onları döyüb.
M. Fətəliyevaya daha az xəsarət yetirilməsinə çalışan V. Hüseynov çox ağır bədən xəsarətləri alıb. Onun daxili orqanlarının zədələndiyi, qabırğasının sındığı bildirilir.
Fotolar APA-nındır.
Fransız deputat və ermənilər tələbələrimizi vəhşicəsinə döydülər - YENİLƏNİB
6724