Göyçay rayonunda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili ilə bağlı kompleks mülki müdafiə təlimi keçirilib.
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin təşkilatçılığı ilə keçirilən təlimdə rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən ərazinin mühafizəsi, sahəyə giriş-çıxışın məhdudlaşdırılması, baş verən yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış xilasetmə, zərərçəkənlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mübarizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yüksək səviyyədə yerinə yetiriblər.
Təlim zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı praktik vərdişlərin aşılanması əsas hədəf seçilib, komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetirilib.
Təlimə rayon icra hakimiyyəti, fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub. Təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 273 nəfər şəxsi heyyəti və 36 texnikası iştirak edib.