Fövqəladə Hallar Nazirliyi Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin qatarında yaranmış vəziyyətlə bağlı məlumat yayıb. Lent.az-n nazirliyin saytına istinadən verdiyi məlumata görə, 10-cu vaqonunda partlayıcı qurğu olması barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Operativ və təxirəsalınmaz tədbirlər nəticəsində qatarın hərəkəti dayandırılıb, sözügedən vaqon qatardan ayrılıb. Sərnişinlər digər vaqonda yerlə təmin edildikdən sonra qatarın hərəkəti bərpa olunub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə 10-cu vaqonda axtarış tədbirləri keçirib. Axtarış tədbirləri nəticəsində heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 01:15-də başa çatmışdır.