Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin səhra toplanışlarında döyüş hazırlığının yüksəldilməsi məqsədilə təlim keçirilib.
APA-nın FHN-in qəzetinə istinadən verdiyi məlumata görə, 29-31 avqust tarixlərində reallaşdırılan təlimin məqsədi səhra şəraitində baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılmasına çevik reaksiya verilməsi olub.
Təlimdə səhra şəraitində xüsusi riskli xilasetmə işlərinin təşkili, zərərçəkmişlərə ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, axtarış-xilasetmə işlərində tətbiq olunan alət və avadanlıqlardan istifadə, keçiriləcək xilasetmə və mühafizə əməliyyatlarında texniki təhlükəsizlik tədbirlərinə riayət olunması, şəxsi heyətin səhra şəraitində axtarış-xilasetmə və mühafizə işlərində fiziki, psixoloji dözümlülüyün artırılması üçün praktik vərdişlərin möhkəmləndirilməsi məsələlərinə baxılıb. Proqrama uyğun olaraq xilasedicilərə hərbi topoqrafiya, tibbi hazırlıq, diversant qrupunun axtarışı və zərərsizləşdirilməsi, taktiki-xüsusi hazırlıq, fiziki hazırlıq və s. tədris edilib.