Ucarda yaşayış evi yanaraq külə dönüb. APA-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib. Kənd sakini İsmayılova Safura Xasay qızına məxsus 2 otaq, mətbəx və artırmadan ibarət olan evdə güclü yanğın baş verib.
Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 15 km yolun bərbad vəziyyətdə olması yanğınsöndürənlərin hadisə yerinə gecikməsinə, bu da evin əşyaları ilə birlikdə tamamı ilə yanaraq külə dönməsinə səbəb olub.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Məlumata görə, ev sahibinin oğlu Neman İsmayılov həddindən artıq alkoqollu içki qəbul edərək əvvəlcə ailə üzlərini evdən qovub daha sonra evə od vuraraq tamamilə yandırıb. Aparılan araşdırmalardan sonra yanğının hansı səbəbdən baş verməsi dəqiq məlum olacaq.