Əsgərin dəfni təxirə salındı, meyit ekspertizaya göndərildi
02 mart 2013 13:59 (UTC +04:00)

Əsgərin dəfni təxirə salındı, meyit ekspertizaya göndərildi

 

Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlunun meyiti bu gün doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılacaq. APA-nın məlumatına görə, əsgərin meyiti dünən səhər saatlarında rayona gətirilərək qohumlarına təhvil verilib, lakin onun Rusiyada olan valideynləri və qardaşı kəndə bu gün gəldiyinə görə, dəfn mərasimi bu gün saat 12:00-a təyin olunub. Əsgərin atası Mürvət Allahverdiyev meyitin yenidən tibbi ekspertizadan keçirilməsini tələb edib. Valideyn oğlunun odlu silahdan açılan güllə ilə ölmədiyini, onun avtomatın qundağı və ya küt alətlə döyülərək öldürüldüyünü iddia edir. 

 

Dəfn qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yas mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak edir. Əsgərin valideynləri və qohumları mərasimə gələn hər bir şəxsə böyük hörmət etdiyini, onların yasına hörmət etməyi və vəziyyəti müxtəlif istiqamətə yönəltməməyi xahiş edib. Meyitin yenidən ekspertizadan keçirilməsi üçün rayona Bakıdan nümayəndələrin gələcəyi gözlənilir.

 

Qeyd edək ki, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun yaydığı rəsmi məlumata görə, əsgər Allahverdiyev Seymur Mürvət oğlu fevralın 28-də postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. 17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyevin gələn ay hərbi xidmətdən tərxis olunacağı gözlənilirdi. Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Oxşar yazılar