Ötən gecə cəbhənin Qazax rayonu istiqamətində erməni silahlı qüvvələrinin diversiyasının qarşısı alınıb.
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, Ermənistan tərəfindən cəbhə xəttinin neytral zonasına bir nəqliyyat vasitəsi daxil olub. Azərbaycan tərəfinin həmin nəqliyyat vasitəsini atəşə tutması nəticəsində bir nəfər erməni hərbiçisi ölüb, biri isə yaralanıb. Nəqliyyat vasitəsi isə neytral zonadan çıxarılıb.
Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda ölüm faktı qeyd olunmasa da bir erməni hərbiçinin yaralandığı, nəqliyyat vasitəsinin isə yarasız hala düşdüyü bildirilib.