“ATƏT PA-nın hər iclasında Ermənistan nümayəndə heyətinin üzvləri bizə cavab verməyə çalışırlar. Onların mövqeyindən asılı olmayaraq, bu təşkilatda hər kəs həqiqətin harada olduğunu bilir”.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova yap.org.az-a açıqlamasında bildirib. O qeyd edib ki, Ermənistanın təcavüzkar siyasət yeritməsini hətta onların özləri belə, etiraf edirlər. “Məsələn, deyirlər ki, Xocalıda dinc əhali üçün koridor qoymuşduq, amma bu koridordan istifadə olunmadığına görə bu hadisə baş verib. Birincisi, bu fikir yalandı, ikincisi də, həmin koridordan istifadə olunmaması dinc əhalinin qətlə yetirilməsinə əsas vermir. Yəni gördüyünüz kimi, bu qətliamı törətdiklərini dolayısı ilə boyunlarına alırlar və bunu inkar etməyə imkanları da yoxdur. Demək istəyirəm ki, ermənilər artıq beynəlxalq ictimaiyyəti aldada bilmirlər. Çünki onların bizi qətliamlarda ittiham edən çıxışlarını tədbir iştirakçıları gülüşlə qarşılayırlar və bir çoxları dinləmək istəmirlər”-deyə, B. Muradova əlavə edib.
Vitse-spiker onu da vurğulayıb ki, bu müzakirələr hazır ki durumda, danışıqların indiki dövründə heç nəyi dəyişmir, prosesə ciddi təsiri yoxdur: “Hər iki tərəf öz mövqeyində qalır və öz fikirlərini ifadə edirlər. Bu da bu təşkilatın Dağlıq Qarabağ problemi ilə məşğul olduğu imitasiyası yaratmaqdan başqa bir şey deyil”.