Elşad Abdullayevin qardaşı oğlunun şikayətini təmin edilmədi
05 mart 2015 18:01 (UTC +04:00)

Elşad Abdullayevin qardaşı oğlunun şikayətini təmin edilmədi

Ali Məhkəmədə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə hədə-qorxu gəlməkdə ittiham olunan qardaşı oğlu Mübariz Abdullayevin kassasiya şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

 

İttihama görə, Mübariz Abdullayev 2003-cü ilin noyabr ayında əmisi Mahir Abdullayevin itkin düşməsi barədə xəbər eşidib. O, Elşad Abdullayevdən külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmək qərarına gəlib. Mübariz Abdullayev bu məqsədlə tanışı Ziya Səmədova müraciət edib və Elşad Abdullayevlə əlaqə saxlaması üçün mobil telefon tapmasını xahiş edib. Ziya Səmədov Mübariz Abdullayevin qanunsuz hərəkətlər etməsindən şübhələnərək bu barədə Kürdəmir rayon Polis Şöbəsinə məlumat verib. Cinayətin qarşısının alınması üçün polis əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Əməliyyat tədbirlərinin keçirilməsi üçün Ziya Səmədova mobil telefon verilib. Ziya Səmədov isə öz növbəsində həmin telefonu Mübariz Abdullayevə çatdırıb. Mübariz Abdullayev həmin telefondan istifadə edərək 16 noyabr 2003-cü il tarixdə yaşadığı Kürdəmir rayonundan Elşad Abdullayevin istifadəsində olan telefon nömrəsinə zəng edib. Mübariz səsini dəyişərək Mahir Abdullayevin onun əlində olduğunu deyib və Mahiri qaytarmaq üçün 50 min ABŞ dolları tələb edib. O, Elşad Abdullayevə tələb etdiyi pulu Zaqatala rayonunun ərazisinə gətirməsini tapşırıb. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Elşad Abdullayevin Zaqatala rayonuna getməsinin və nəticədə Mübariz Abdullayevin ondan pul almasının qarşısı alınıb.  

 

Mübariz Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mübariz Abdullayevin vəkilləri apelyasiya şikayəti veriblər. Lakin şikayət təmin edilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Oxşar yazılar