Elman Mehdiyev Şamaxıda vətəndaşlarla görüşüb
03 avqust 2015 14:37 (UTC +04:00)

Elman Mehdiyev Şamaxıda vətəndaşlarla görüşüb

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev  Şamaxıda Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Foddan Lent.az-a verillən məlumata görə, qəbulda iştirak edən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi,  o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər. Görüş zamanı həmçinin, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib. Həmçinin,  qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati  binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Dövlət Sosial Müdafiə Fondunun məsul əməkdaşlarının, o cümlədən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, Fondun sədri Elman Mehdiyev onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib və müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Qəbulun təşkilindən razı qaldıqlarını vurğulayan sakinlər pensiyaçıların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən işlərə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

# 229
avatar

Oxşar yazılar