İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli ilə görüşüb.
Bu barədə APA-ya məlumat verən E. Behbudov P. Həşimlinin saxlanma şəraitindən şikayətinin olmadığını deyib: “Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı. Lakin istintaqın tez başa çatmasını və obyektiv aparılmasını istəyir. Özünü təqsirli bilmir” .
E. Behbudov P. Həşimlinin ondan bir neçə məsələnin həll olunması üçün xahiş etdiyini də bildirib: “Məndən xahiş elədi ki, ona övladlarının şəkillərini, qəzet versinlər və ailəsi ilə məktublaşmağa şərait yaratsınlar. Mən də rəhbərliklə həmin məsəlləri danışdım. Ona övladlarının şəklinin verilməsində və ailəsi ilə məktublaşmaqda heç bir problem olmayacaq. Qəzet məsələsinə gəlincə isə bildirdilər ki, istintaq təcridxanası hansı qəzetləri alırsa, Pərviz Həşimliyə də həmin qəzetlər verilir”.