Bakıda sevgilisini öldürən, anasını isə ağır yaralamaqda təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
S. Qədimov deyib ki, Aytən Cəfərova ilə əsgərlikdə olan zaman sosial şəbəkə vasitəsi ilə tanış olub: “Hərbi xidmətdən qayıdandan sonra münasibətimiz davam elədi. Onunla görüşdük. Münasibətlərimiz ciddiləşdi. Evlənmək qərarına gəldim. Sonra bir gün onunla cinsi münasibətdə oldum. Bundan sonra evlənməyimiz məcburi oldu”.
Hadisə ilə bağlı danışan təqsirləndirilən qeyd edib ki, Aytən Cəfərova onu söydüyü üçün öldürüb: “Elçi getmişdilər. Bibim dedi ki, üzük istəyirlər. Sonra mən də Aytən zəng elədim. O məni söydü, mən də onu. Olanlar bundan sonra baş verdi”.
Suallara cavab verən Sabiq Qədimov deyib ki, Aytənin bakirəliyini o pozmayıb: “Onun başqa şəxslərlə də münasibəti olub”
Zərərçəkmiş şəxsin yaxınları təqsirləndirilən şəxsin dediklərinə etiraz ediblər. Hakim tərəfləri sakitləşdirib.
Proses aprelin 19-da davam etdiriləcək.
Qeyd edək ki, qətl ötən il Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib. Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib.
Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.
S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.
Hadisə nəticəsində Aytən Cəfərova ölüb.