Türkiyə də 100-dən çox müraciət ünvanlanıb, sosial sığorta və pensiya hüquqları ilə maraqlanırlar
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 2012-ci il ərzində xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 27,3 faiz artıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fonda daxil olan 2442 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.
İl ərzində MDB ölkələrindən DSMF-yə 1708 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir. Müraciətlərin sayına görə növbəti yerdə isə Türkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən Fonda 126 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.
Dövlət Sosial Müdafiə Fonduna daxil olan digər 608 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.