Doğum şöbəsində daha bir ölüm faktı
12 aprel 2013 13:19 (UTC +04:00)

Doğum şöbəsində daha bir ölüm faktı

 

Ötən gecə Azərbaycanda doğum şöbəsində daha bir ölüm faktı qeydə alınıb.


 

APA-nın xəbərinə görə, hadisə Ucar Mərkəzi rayon Xəstəxanasının (MRX) doğum şöbəsində baş verib. Göyçay rayon Kürdəmiş kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədova Flora Gülamət qızı hamiləlik gedişində yaranmış problemlə əlaqədar xəstəxananın doğum şöbəsində müraciət edib. Reanimasiyaya yerləşdirilən qadın orada dünyasını dəyişib. 

 

Ucar MRX-dən verilən məlumata görə, hamiləlik zamanı nəfəs çatışmazlığından əziyyət çəkən F. Məmmədova əvvəlcə Göyçay MRX-yə müraciət etsə də, orada onu qəbul etməkdən imtina ediblər. Yaxınları bundan sonra onu Ucar MRX-na çatdırıblar.

 

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, ötən gecə Azərbaycanın Ağdaş rayonunda doğuş zamanı ölüm faktı baş verib. Ağdaş rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Yuxarı Nemətabad kənd sakini, 1977-ci il təvəllüdlü Məcidova Pərvanə Akif qızı və onun dünyaya gələcək qız övladı Ağdaş MRX-nin doğum şöbəsində doğuş zamanı ölüb.

 

P. Məcidovanın ailə üzvləri faktla bağlı Prokurorluğa şikayət ediblər. Şikayətdə ölüm halının doğuşu aparan mama-ginekoloq, doğum şöbəsinin müdiri Yusifova Səfa Əsrayıl qızının səhvi ucbatından baş verdiyi bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, nazirlik Ağdaş və Ucar rayonlarında baş vermiş ana və uşaq ölümü hadisələrinin səbəblərini araşdırır: “Qeydə alınan ana və uşaq ölümü halı Səhiyyə Nazirliyi tərəfindən ciddi şəkildə nəzarətə götürülüb və araşdırılır . Həm Səhiyyə Nazirliyi, həm də nazirliyin Doğuşa yardım Komissiyası tərəfindən araşdırma başlanıb. Bu məsələnin araşdırılması prosesi bir az vaxt tələb edir. Məsələ ilə əlaqədar bütün müvafiq strukturların rəyi öyrəniləcək. Son qərar Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşa yardım Komissiyası tərəfindən veriləcək”.

# 1716
avatar

Oxşar yazılar