Daxili İşlər nazirliyi ölkə ərazisində törədilmiş son qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 14-də Mingəçevir şəhərində şəhər sakinləri Taleh Ədili və Toğrul Yusifəliyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. T.Yusifəliyev orada ölüb. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Elnur İmanov tutulub.
Bundan başqa iyunun 14-də Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisindəki qəbiristanlıqda qəsəbə sakini Elzay Zeynalzadə münaqişə zəminində bıçaqla həmyerlisi Abbas Abbasovu qətlə yetirib, digər həmyerlisi Şahid Kərimova isə xəsarət yetirib hadisə yerindən qaçıb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Daha bir qətl hadisəsi bu gün Samux rayonunun Qovlarsarı kəndində baş verib. Kənd sakini Əli Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb. Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Royal Yolçiyev tutulub.