DİN-də kollegiya iclası keçirildi - FOTO
Bu gün Daxili İşlər Nazirliyində (DİN) “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm istiqamətləri əhatə etdiyini bildirib. O, müvafiq sahələrdə əməliyyat-xidməti fəaliyyətin məqsədyönlü təşkilinin insan hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin etibarlı qorunması, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov və Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edərək əldə edilmiş nəticələrdən, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün görüləcək işlərdən danışıblar.
Məruzələr ətrafında ayrı-ayrı şəhər, rayon polis orqanlarının rəisləri çıxış edib.
Daxili İşlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumən qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdıraraq onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib.
Ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin də vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu xatırladan nazir bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsinin, cinayətlər nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın istintaq və təhqiqat prosesində ödətdirilməsinin, polisin səlahiyyətinə aid məsələlərlə əlaqədar göstərilən xidmətlərin nümunəvi təmin edilməsinin hər bir orqan rəisinin gündəlik nəzarətində saxlanılmasının vacibliyini nəzərə çatdırıb.
V. Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin və əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, daha böyük əzmlə çalışacaqdır.
761