Quba-Xınalıq yolunun 39 km-də Quba rayonu Cek kəndi ərazisində, yolun sağ tərəfində, 70-80 m aşağıda qadın meyiti tapılıb. Quba rayon polis şöbəsinin rəisi polis-polkovniki Seyfulla Əzimovun Ans pressin-in bölgə müxbirinə verdiyi məlumata görə, meydin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Meyitin yanında mixəyi rəngli qadın donu, üzəri müxtəlif rəngli zolaqlı qadın koftası, çəhrayı rəngli təkərli yol çantası, boş idman çantası tapılıb. Təxminən 30 yaşlarında olan qadın meyitinin boyunun uzunluğu 155 sm, saçları tünd şabalıdı rəngdədir. Bütün dişləri sağlam və yerindədir. Qadının ölüm müddətinin 1-3 ay olması ehtimal olunur. Meyitin üzərində müxtəlif zorakılıq əlamətləri var.
Hazırda polis tapılan qadın meyitinin şəxsiyyətinin müəyyənləşməsi istiqamətində işlər gedir. Qadının qətlə yetirildiyi ehtimal olunur.
Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, tapılan meyitin başı və qolları olmayıb.