İyulun 31-də respublika daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının 2013-cü ilin 6 ayında da qanunla müəyyən edilmiş funksiyaları layiqincə yerinə yetirdiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını vurğulayıb. O, cari il iyulun 2-də Polis Akademiyasında inşa edilmiş “Heydər Əliyev Mərkəzi”nin açılışındakı çıxışında ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin polisin fəaliyyətini yüksək dəyərləndirdiyini, eyni zamanda, qarşıya mühüm vəzifələr qoyduğunu və onların icrasına artıq başlanıldığını diqqətə çatdırıb. Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, həyata keçirilən kompleks tədbirlər, daxili işlər orqanlarının sistemli və məqsədyönlü fəaliyyəti ölkədə hüquq qaydasının vəziyyətinə öz müsbət təsirini göstərib, bunun nəticəsində cinayətlər, eləcə də onların subyektlərinin kriminal aktivlik səviyyəsi azalıb. Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin sayı 2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10048-ə enib. Onların strukturunda şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 2,9 dəfə, əvvəllər cinayət törətmiş şəxslərin təkrar cinayətləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 5,4 faiz, məişət zəminində baş vermiş cinayətlər 2,1 dəfə azalıb. Bütövlükdə respublikanın 22 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayında nəzərəçarpan azalma müşahidə edilib. Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və cinayət-prosessual fəaliyyətlə 1136-ı ağır və xüsusilə ağır olmaqla 10.955, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 157, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində «isti izlərlə» 432, elmi-texniki vasitələrlə 1604 cinayət açılıb. Bu işdə vətəndaşların da böyük rolu olmuş və onlar 2614 cinayətin açılmasında yaxından köməklik göstərib.
Ötən ilin 6 ayı ilə müqayisədə cinayətlərin açılması yaxşılaşaraq 87,4 faiz təşkil etmiş, açılmış cinayətlərin sayı 14,4 faiz və ya 1379 fakt çox olub. Cinayətkar qrup və dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə 1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilib, onların törətdiyi 1130, o cümlədən 320 ağır və xüsusilə ağır cinayət açılıb. Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə də fəal iş aparılmış, axtarış işinin ümumi göstəricisi 49,8 faiz təşkil edib. Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların tutulması 3,1 faiz, itkin düşənlərin tapılmasının nəticələri 2,9 faiz yaxşılaşıb, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053 təqsirləndirilən şəxs tutulub.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 16 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 83 min manat təşkil edən 1041 ədəd müxtəlif nominalda milli əsginas, həmçinin 300 tona yaxın saxta yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri çərçivəsində qanunsuz dövriyyədən 350 kq, müqayisə edilən dövrə nisbətdə isə 33 kq çox narkotik vasitə çıxarılmış, 73 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib. Bununla bərabər, 33,5 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 177,6 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası da məqsədyönlü şəkildə davam etdirilməklə 66 fakt aşkarlanmış, 5 nəfərdən ibarət 2 cinayətkar qrup zərərsizləşdirilib. Bu hüquqazidd əməllərin qurbanı olan 20 şəxs müəyyənləşdirilərək cəmiyyətə reinteqrasiyası təmin edilib.
Nazirliyin istintaq və təhqiqat qurumlarının fəaliyyəti də bütövlükdə səmərəli olub və müstəntiqlər ötən ilin 6 ayı ilə müqayisədə 3 faiz çox, yəni 11802 cinayət işinin istintaqını aparıb, təhqiqatçılar tərəfindən kriminal məzmunlu 37407 məlumat və müraciət araşdırılıb.