Kürdəmir sakini naməlum səbəbdən dünyasını dəyişib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdapay kənd sakini, 1974-cü il təvəllüdlü Qədirov Cahid Vahid oğlu soyuqdəymə ilə əlaqədar bu gün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Travmatologiya şöbəsində çalışan tibb bacısı Ədibə Qurbanova xəstə Cahid Qədirovun damarına özünün aptekdən aldığı sistemi köçürən zaman dünyasını dəyişib.
Xəstəxanadan APA-ya verilən məlumata görə xəstə heç bir həkimə müraciət etməyib. Onun qəflətən özünü pis edərək ölümünün səbəbi hələ ki, məlum deyil. “Sistemə qatılan preparatların tərkibi müəyyən edildikdən sonra bu barədə bir söz demək olar. Xəstənin ölümünün sistemlə heç bir əlaqəsi yoxdur. Onun ölümü qan təzyiqi, infakt və digər gizli xəstəliklə bağlı ola bilər. Sistem köçürülən zaman damara havanın daxil olması da ölümə səbəb ola bilər. Onun ölümünün səbəbi meyidin daxili müayinəsindən və məhkəmə tibbi ekspertizadan sonra məlum olacaq”.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.