Cəlilabadda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Abışabad kəndi ərazisində qeydə alınıb.
Rayonun Türkelli kənd sakini Ruslan Xudiyevin idarə etdiyi BMW markalı, 90 BF 834 dövlət nömrə nişanlı minik avtomobili rayonun Edişə kənd sakini, 31 yaşlı Aqil Ağayevin idarə etdiyi “VAZ-2107” markalı, 90 HA 163 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb.
Güclü zərbənin təsirindən hər iki avtomobil deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşüb.
Sürücülər xəsarət almasalar da, “VAZ-2107”-nin sərnişinləri, 57 yaşlı Elyas Ağayev və onun 17 yaşlı oğlu Aqşin Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hər iki şəxs üzərində cərrahiyyə əməliyyatı aparılıb. Aqşin Ağazadənin vəziyyəti ağırlaşdığından o, paytaxt xəstəxanalarından birinə yola salınıb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.